Ərəblərlə Ronaldonun marağı: Hərəsinin öz marağı var
Kriştiano Ronaldo 2023-cü ilin yanvarından çıxış etdiyi “Əl Nəsr”lə müqaviləni yeniləmək üzrədir.
Aut.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu portuqaliyalı futbolçunun sözləşməsini daha bir il – 2026-cı ilə qədər uzatmaq üçün danışıqlar aparmağı planlaşdırır. Kriştiano belə bir təklifə açıqdır. Müqavilə uzadılacağı təqdirdə maaşı da artırılacaq.
Forvardın hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. İndi ona bonuslar nəzərə alınmadan 200 milyon avro ödənilir.
Ronaldo ilə müqavilənin uzadılması prioritet hesab olunur. Səudiyyə Liqasının rəhbərliyi hesab edir ki, 2025-ci ildə televiziya müqaviləsinin uzadılması ilə bağlı danışıqlar aparacaqlar. Buna görə superulduzu ölkədə saxlamaq lazımdır.
Əgər müqaviləsi uzadılacaqsa, Ronaldo ən azı 41 yaşına qədər futbolda qalacaq. “TalkSPORT”-un mənbəsinin məlumatına görə, Ronaldonun əsas məqsədi Portuqaliya millisi ilə ABŞ-da keçiriləcək 2026-cı il dünya çempionatına getmək və karyerasının son titulunu qazanmağa çalışmaqdır.
