Şumaxerin saat kolleksiyası hərracda bu qiymətə satıldı
Əfsanəvi “Formula 1” pilotu Mixael Şumaxerin kolleksiyasından xüsusi olaraq onun üçün hazırlanmış saatlar hərracda satılıb.
Aut.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.
Ümumilikdə, hərraca 8 cüt saat çıxarılıb. Onların ümumi dəyəri 3,75 milyon avro olaraq qiymətləndirilib. Gəlir gözləniləndən az olub və 3 443 755 avro təşkil edib.
Ən bahalı saat Mixael Şumaxerin Formula 1-də yeddi çempion tituluna həsr olunmuş məşhur İsveçrə istehsalçısının şah əsəri olan “FP Journe Vagabondage I”-dir. Platin korpuslu və qara dəri qolbaqlı saatı 2004-cü ildə Milad bayramında Şumaxerə “Ferrari” komandasının o zamankı rəhbəri Yan Todt hədiyyə etmişdi. Onların üzərində şəxsi mesaj həkk olunub: “X-MAS 2004 – dostum Mixael Şumaxer üçün Yan Todt”.
Unikal saat 1 224 446 avroya satılıb. Bu məbləğ hərracdan əvvəl gözlənilən minimum məbləğdən bir qədər yüksək olub.
Qeyd edək ki, Şumaxer 2013-cü ildə xizək sürərkən ağır kəllə-beyin travması alıb. Həmin vaxtdan o, yataq xəstəsidir, həyat əlamətlərinin böyük hissəsini itirib.
