MY-nin baş məşqçi postuna daha bir iddialı namizəd
“Brentford”un baş məşqçisi Tomas Frank “Mançester Yunayted”in baş məşqçi postuna namizəddir.
Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Danimarkalı mütəxəssis “Qırmızı şeytanlar”ın hazırkı çalışdırıcısı Erik ten Haqın yerinə namizədlərdən biridir.
Mənbənin sözlərinə görə, “Yunayted” qısamüddətli yox, klubu əvvəlki əzəmətinə qaytaracaq baş məşqçi axtarır. Buna görə də Frank klubun baş məşqçi postu üçün nəzərdən keçirəcəyi şəxslər arasındadır. O, artıq böyük potensial nümayiş etdirib. Danimarkalı məşqçinin klubun sahibi olan INEOS-un idarə heyətindəki şəxslər ilə əməkdaşlıq etdiyi də bildirilir.
“Mançester Yunayted”in Qaret Sautqeyt, Qrem Potter, Ruben Amorim və Tomas Tuxelin namizədliyini nəzərdən keçirdiyi vurğulanır.
Qeyd edək ki, Tomas Frank 2016-cı ildən “Brentford”da çalışır. Onun rəhbərliyi altında komanda Premyer Liqaya qayıdıb və burada möhkəmlənib. Bu mövsüm İngiltərə Premyer Liqasının 37 turundan sonra “arılar” 39 xalla turnir cədvəlinin 16-cı pillədə qərarlaşıb.
Aut.az
