“Fənərbağça”nın konqresi toplaşır, Superliqanı tərk edirlər
Bu gün “Fənərbağça”nın konqresi keçiriləcək.
Aut.az xəbər verir ki, bununla İstanbul nəhənginin gələcək taleyinə aydınlıq gələcək. Ehtimal olunur ki, klubun üzvləri komandanın Türkiyə Superliqasından çıxması ilə bağlı prezident Ali Koçun təklifinə səs verəcəklər. Bu barədə ingilis jurnalist Ben Jacobs “X” sosial şəbəkədə məlumat yayıb.
“Fənərbağça”nın daxili çempionatı tərk etmək istəməsinə səbəb 30-cu turun “Trabzonspor”la səfər matçında komandanın yerli azarkeşlərin hücumuna məruz qalmasıdır. Bu səbəbdən “bülbüllər”in iştirak etdiyi çempionatı dəyişə biləcəyi iddia edilir. Hətta klubun Belçika, Niderland, İspaniya, Fransa və İtaliya liqaları variantlarını nəzərdən keçirdiyi bildirilir.
“Fənərbağça” Türkiyə çempionatının turnir cədvəlində 79 xalla ikinci pillədə qərarlaşıb. 81 xalı olan “Qalatasaray” liderdir.
