Azərbaycan futbolu

Yankoviç: Biz çempionluğu yaxşı şəkildə qazandıq

“Qarabağ”ın oyunçusu Marko Yankoviç “Kəpəz”i 6:1 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirdikləri oyundan sonra jurnalistlərə açıqlama verib.

Aut.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi əvvəlcə oyun haqda təəssüratlarını bölüşüb:

“Buna görə mövsüm boyu çalışırıq. Millilərin oyunlarından sonra çox gözəl matç keçirdik. Oyunçular yorulmağa başlamışdı, çünki çoxlu sayda oyunlar keçiririk. Amma biz böyükhesablı qələbə qazanaraq gözəl çıxış etdik. Qol vuran və qol ötürməsi edən hər kəsə görə şadam. Biz çempionluğu yaxşı şəkildə qazandıq. Bu isə vacibdir. İndi “Neftçi” ilə oyuna və kuboka fokuslanacağıq. Çalışacağıq ki, ikinci titulu da qazanaq”.

28 yaşlı yarımmüdafiəçi “Qarabağ” bugünkü qələbə ilə çempionluğu təsdiqləyərək gələn oyunlara motivasiyanı necə tapacaq” sualına deyib: “Bu cür oyunlar bir az hiyləgər olurlar. Dediyim kimi, biz peşəkarıq. Biz həmişə yaxşı səviyyədə oynamalıyıq, çünki “Qarabağ”ı təmsil edirik. Düşünə bilmərik ki, artıq çempion olduqsa, uduzmalıyıq. Belə hallar ola bilər, amma məğlub olsaq da yaxşı oyun göstərməliyik”.