Dünya futbolu

Rusiya və Belarus çempionatları birləşsə, UEFA-nın reaksiyası necə olacaq?

Rusiya Futbol İttifaqının ( RFU ) keçmiş baş direktoru Aleksandr Tukmanov Belarus klublarının Rusiya Premyer Liqasına dəvət oluna biləcəyi haqda ideyanı şərh edib.

Aut.az xəbər verir ki, bundan əvvəl Rusiyanın idman naziri Oleq Matytsin ciddi şəkildə bəyan etmişdi ki, o, Belarus klublarının Rusiya çempionatına qatılması imkanını nəzərdən keçirir. Tukmanovun sözlərinə görə, belə bir addım UEFA-nın bütün nizamnaməsinə və qaydalarına ziddir .

“Belarus klublarının RPL-ə dəvət edilməsi UEFA qanunlarına ziddirmi? Təbii ki, Belarus müstəqil dövlətdir. Onların öz futbol federasiyaları var, öz yarışlarını keçirirlər, qalibləri müəyyənləşdirirlər. Rusiya da öz çempionatını təşkil edir. Əgər birləşmə UEFA-nın razılığı olmadan baş tutsa, bu, fikrimcə, bütün qaydaların: UEFA nizamnaməsinin və yarışların keçirilməsi prinsiplərinin pozulmasına səbəb olacaq. Düşünürəm ki, RFU bunu mütləq bilir. Belaruslular da bunu bilirlər. Hesab edirəm ki, heç bir birləşmə olmayacaq”, – deyə Tukmanov “Sport Day by Day” nəşrinə bildirib.

Xatırladaq ki, UEFA və FİFA dünyadakı siyasi vəziyyətlə əlaqədar Rusiya millisini və RPL klublarını beynəlxalq yarışlardan kənarlaşdırıb. O vaxtdan Rusiya komandaları yalnız əcnəbilərlə yoldaşlıq oyunları keçirə bilər.

Aut.az