Türkiyə

İnfantino Türkiyədəki hadisədən qəzəbləndi: Cəzalandırın

FİFA prezidenti Canni İnfantino Türkiyə Superliqasının 30-cu turunun “Trabzonspor” – “Fənərbaxça” matçından (2:3) sonra baş verən kütləvi davaya münasibət bildirib.

Aut.az xəbər verir ki, planetin ali futbol qurumunun rəhbəri yaşanan hadisələri pisləyib:

“”Trabzonspor” və “Fənərbağça” arasında Türkiyə liqasının oyunundan sonra şahidi olduğumuz zorakılıq tamamilə qəbuledilməzdir. Meydanda və ya kənarda, bizim idmanda və cəmiyyətimizdə belə hadisələrə yer yoxdur.

Mən bunu əvvəllər demişəm və yenə də deyirəm – futbolda hər bir oyunçu dünyada çox sayda insana sevinc bəxş edən oyunu oynamaq üçün təhlükəsiz olmalıdır.

Mən aidiyyəti qurumları bütün səviyyələrdə bu tələbin yerinə yetirilməsini təmin etməyə və Trabzonda baş vermiş şok hadisələrə görə məsuliyyət daşıyanları öz əməllərinə görə cəzalandırmağa çağırıram”.Qeyd edək ki, sözügedən oyunun final fitindən sonra qonaq futbolçular qələbəni meydanın mərkəzində qeyd etməyə başlayıblar. Bu da bir qrup yerli azarkeşin xoşuna gəlməyib. Nəticədə onlar meydana daxil olublar. Nəticədə xaos yaşanıb. Bu zaman “Fənərbağça”lı futbolçular meydançaya qaçan azarkeşlərlə dava etməyə başlayıblar.