“Barsa”nı hansı cəza gözləyir? – Tebas detalları açıqladı
La Liqanın prezidenti Xavyer Tebas Neqreyra işi ilə bağlı danışıb.
Aut.az xəbər verir ki, ispaniyalı funksioner “Marca”ya açıqlamasında “Barselona”nın günahkar olduğunu sübut etməyin çətin olduğunu bildirib:
“Bu, İspaniya futbolu tarixində baş vermiş və baş verəcək ən pis hadisədir. Klubun bu qədər illər ərzində hakimlərin vitse-prezidentinə pul ödəməsi inanılmazdır.
“Barselona”nın hakimlərə rüşvət verdiyini düşünmürəm və onların bunu etdiyini sübut etmək çox çətindir. Amma klub əslində matçların hakim təyinatlarına, onların yüksəlməsinə və aşağı liqaya düşməsinə təsir göstərməyə çalışıb. Bu, çox ciddi bir şeyin baş verdiyinə inanmaq üçün kifayətdir.
Bu indi baş versəydi, La Liqa hansı tədbirləri görəcəkdi? İntizam işi açacaqdıq və klub aşağı liqaya göndərilməklə cəzalandırılacaqdı. FİFA və UEFA niyə susur? Məhkəmə gedir və bu qurumlar öz qərarlarını vermək üçün onun başa çatmasını gözləyirlər”.
