Boks

Usikin komandası Taysona dua edir

Promouter Aleksandr Krasyuk bildirib ki, o və WBA, WBO və IBF çempionu Aleksandr Usik (21-0, 13 KO) WBC kəmərinin sahibi Tayson Fyurinin (34-0-1, 24 KO) sağlamlığı üçün dua edirlər.

“Yəqin ki, bu mesajı bütün dünyada olan azarkeşlərə çatdıracağam. Tayson Fyuri və onun sağlamlığı üçün dua edəcəyik. Ümid edirik ki, o, mayın 18-dək 100 faiz hazır olacaq və mütləq döyüş baş tutacaq. Bu, bizim istəyimiz, iradəmiz, arzumuzdur və bütün dünya ən yaxşı ağır çəkilinin kim olduğunu görmək istəyir”, – deyə promouter bildirib.

Krasyuk iddia edib ki, gecikmə Usikin hazırlığına heç bir təsir göstərməyib: ukraynalı Fyurinin zədələnməsi barədə məlumat verildikdən sonra sparrinqə davam edib.

“Aleksandr əla işləyir. O, bu şənbə günü döyüşməli idi, amma təəssüf ki, döyüşməyəcək və bunun səbəbini hamımız bilirik. Amma o, yüksək səviyyəli peşəkardır. Xəbəri üzündə təbəssümlə və baş verənləri tam dərk edərək qəbul etdi.

Beləliklə, bu, onun üçün növbəti sınaq olacaq, lakin o, həyatında çətinliklərə hazırdır. Çox şey dəyişməyib.

Yeganə dəyişiklik tarixdir, qalan hər şey olduğu kimi qalır”, – deyə promouter əlavə edib.

Usik və Fury bu həftə sonu Səudiyyə Ərəbistanında bütün dörd kəmər uğrunda döyüşməli idi, lakin döyüş mayın 18-nə təxirə salınıb.

Aut.az