İbrahimoviç ondan nə tələb edir?
“Milan”ın hücumçusu Olivye Jiru komanda sahiblərinin əməliyyat tərəfdaşı və baş məsləhətçisi kimi çalışan Zlatan İbrahimoviçin komandaya təsirindən danışıb.
“İbra sahiblərlə komanda arasındakı əlaqədir. O, bizə kömək etmək üçün buradadır, xüsusən də mentalitet və motivasiya ilə bağlı. Zlatan bizə deyir: “Əgər siz qalib gəlsəniz, mən də qalib gələcəm”.
Həmişə məni ruhlandırır, matçdan əvvəl və oyun zamanı, fasilədə mənimlə danışır. İbra soyunub-geyinmə otağında məsuliyyəti üzərimə götürməyimi və komanda yoldaşlarıma kömək etməyimi istəyir. Zlatan bilir ki, bizim təcrübəyə və nümunə göstərə biləcək oyunçulara ehtiyacı olan gənc komandamız var. O, mənim daha çox liderlik keyfiyyətləri nümayiş etdirməyimi istəyir”, – deyə “La Gazzetta dello Sport” Jirudan sitat gətirib.
Xatırladaq ki, Jiru bu mövsüm bütün turnirlərdə 25 matçda iştirak edib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 4 milyon avrodur.
Aut.az
