İngiltərə

Onu geridə qoydu, Barriyə çatmağa nə qaldı ki…

“Brayton”un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə Premyer Liqasında (İPL) ən çox oyun keçirən futbolçuların siyahısında ikinci yerə yüksəlib.

Aut.az xəbər verir ki, 38 yaşlı futbolçu 21-ci turun “Vulverhempton”la ötən gecə baş tutan matçında (0:0) “qağayılar”ın start heyətində yer alıb. Bununla Milner “Mançester Yunayted” əfsanəsi Rayan Giqqzi qabaqlayıb.

İngiltərə millsinin sabiq üzvünün aktivində 633, Giqqsin isə 632 Premyer Liqa oyunu var. Bu siyahıda lider İPL-də 653 matç keçirən “Mançester Siti”nin sabiq futbolçusu Qaret Barridir.

Milner Premyer Liqada “Lids”, “Nyukasl”, “Aston Villa”, “Mançester Siti” və “Liverpul” kimi komandalarda çıxış edib. O, çempionatda 55 qol vurub və 61 məhsuldar ötürmə edib. Eyni zamanda, yarımmüdafiəçi bir dəfə Çempionlar Liqasının, üç dəfə Premyer Liqanın, iki dəfə İngiltərə Kubokunun, Liqa Kubokunun və İngiltərə Superkubokunun qalibi olub.

Aut.az