Qeyri-adi səbəb: Məşhur qazax yenidən diskvalifikasiya edildi
Məşhur qazax xizəkçisi Aleksey Poltoranin antidopinq qanunlarını pozduğu üçün yenidən diskvalifikasiya edilib.
Aut.az xəbər verir ki, o, 2026-cı il martın 1-dək yarışa bilməyəcək.
2019-cu ildə Poltoranin Seefelddə keçirilən dünya çempionatında səs-küylü dopinq qalmaqalı nəticəsində diskvalifikasiya edilmişdi. O, 2023-cü il martın 1-də başa çatan dörd illik cəza almışdı.
Bundan sonra o, Rusiyada bir neçə yerli yarışmada çıxış etsə də, məlum olub ki, buna hüququ çatmayıb. Məsələ ondadır ki, diskvalifikasiyadan sonra idmana qayıtmağı planlaşdıran idmançı antidopinq testindən keçən idmançıların məlumat bazasına daxil olmaq üçün əvvəlcədən müvafiq ərizə təqdim etməlidir. İdmançı bu məlumat bazasına daxil ediləndən ən azı altı ay sonra rəsmi yarışlara qayıda bilər.
Poltoranin müvafiq ərizə təqdim etməyib və buna görə də Qazaxıstan Antidopinq Agentliyindən ikinci diskvalifikasiya alıb. Müddəti bitəndə qazaxın artıq 39 yaşı olacaq, ona görə də çox güman ki, o, karyerasını bitirəcək.
Poltoranin dünya çempionatının 2 qat bürünc mükafatçısıdır. Onun dünya kubokunda 11 qələbəsi və 27 podiumu var.
Aut.az
