Amerikalı məşqçi Ukraynanın “vətən xaini”ni müdafiə etdi
Vaxtilə Ukraynanın “Kristal” (Xerson) klubunu çalışdırmış amerikalı futbol məşqçisi Dennis Lukens Anatoli Timoşuk haqqında danışıb.
“Timoşukun genişmiqyaslı işğaldan sonra Rusiyada qalmasına münasibətim necədir? Timoşuk müharibədən əvvəl Rusiyada “Zenit”də oynayırdı. Onun rus arvadı və rus uşaqları var. Müharibə onu orada tapdı. O nə etməlidir? Küçələrə çıxıb Putinə etiraz etmək? O, dərhal həbs edilib həbsxanaya salınacaqdı.
Anladığım qədər, Timoşuk artıq Rusiyanı tərk edib və başqa ölkədə yaşayır. Mən onun yerində olmaq istəməzdim. Timoşuk mənə dedi ki, o, ukraynalıdır və Ukraynanı sevir.
Mən hətta onun və ailəsinin İrlandiyaya getməsinə kömək etməyə çalışdım. Mənə dedi ki, Rusiyanı tərk etmək istəyir. O, müharibədən əvvəl orada ilişib qalmışdı və həbs olunacağından və 15 il həbs cəzasına məhkum ediləcəyindən qorxduğu üçün danışa bilmirdi”, – Lukens bildirib.
Qeyd edək ki, bütün titulları əlindən alınan Timoşuk Ukraynada vətən xaini elan edilib.
Aut.az
