Ərdoğandan Superkubok açıqlaması: Tərəddüd etməyəcəyik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında oynanılması planlaşdırılan Superkubok finalının ləğvi ilə bağlı ilk dəfə danışıb.
Aut.az xəbər verir ki, ölkə lideri təxribata imkan verməyəcəklərini bəyan edib.
“İdmanı gündəlik siyasətin iştahına çevirmək yanlışdır. Bu ölkənin qurucusu Atatürkdür. Hadisənin kontekstdən çıxarılaraq şou və təxribat materialı kimi istifadə edilməsinə icazə verə bilmərik. Biz bununla bağlı atılması lazım olan hər hansı addımı atmaqdan çəkinməmişik və bundan sonra da tərəddüd etməyəcəyik”, – Ərdoğan qeyd edib.
Xatırladaq ki, dekabrın 29-da keçirilməli olan sözügedən matç ləğv edilib. Buna səbəb kimi Səudiyyə Ərəbistanının hər iki komandaya Türkiyə Respublikasının 100 illiyi ilə bağlı Atatürkə dair pankarta, formaya və İstiqlal Marşının oxunmasına qoyulan qadağası göstərilir. Bu qadağadan sonra hər iki komanda vahid qərar qəbul edərək Türkiyəyə qayıtmaq qərarı verib. Nəticədə Səudiyyə Ərəbistanındakı Superkubok matçı ləğv edilib.
