“Çelsi” azarkeşlərinə belə cavab verdi: Salahı da bəyənmirdiniz
Çelsi”nin hücumçusu Nikolas Cekson London klubunun azarkeşlərinin tənqidlərindən danışıb.
Aut.az xəbər verir ki, seneqallı xatırladıb ki, “Çelsi”də oynadığı vaxt Kevin De Bruyne və Məhəmməd Salah da azarkeşlərin təzyiqinə məruz qalıb, lakin sonradan bu, onların dünya futbolunun ulduzu olmalarına mane olmayıb.
“İlk mövsümüm haqqında nə düşünürəm? Yaxşı gedir. Hər şey istədiyim kimi alınmır, amma bu mənim debüt mövsümümdür.
İnsanlar mənim haqqımda çoxlu boşboğazlıqlar desələr də, mən “Çelsi”də xoşbəxtəm və dedi-qodulara əhəmiyyət vermirəm. Yalnız futbolu heç başa düşməyənlər pis danışır. Belə insanlara fikir verməməlisən. Ona görə də mütləq futbolu məndən yaxşı başa düşən məşqçini dinləməyə üstünlük verirəm.
Salah və De Bruyne “Çelsi”də çıxış edirdi. Hər ikisini tənqid edirdilər, amma indi heyrətamiz futbolçulara çevriliblər. Çünki futboldan anlamayanları heç dinləmirdilər. Məşqçimiz bunu mənə daim xatırladır”, – Ceksonun sözlərini “Evening Standard” nəşri sitat gətirir.
Cekson keçən yay 37 milyon avroya “Vilyarreal”dan “Çelsi”yə keçib. Bu mövsüm forvard “aristokratlar”ın heyətində bütün turnirlərdə 19 oyun keçirib və 8 qol vurub, 1 məhsuldar ötürmə edib. Futbolçunun London klubu ilə müqaviləsi 2031-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 35 milyon avrodur.
Aut.az
