Salahla De Bruyne “Çelsi”dən niyə ayrılıblar? – Mourinyo açıqladı
“Çelsi”nin keçmiş baş məşqçisi Joze Mourinyo klubun, London komandasından ayrıldıqdan sonra müvafiq olaraq “Liverpul” və “Mançester Siti”də ulduza çevrilən Məhəmməd Salah və Kevin De Bruyneni nəyə görə saxlaya bilmədiyini açıqlayıb.
Məhz Mourinyonun rəhbərliyi altında “Çelsi” De Bruyneni “Volfsburq”a, Salahı isə “Roma”ya satmışdı.
“Onlar getmək istədikləri üçün getdilər. İkisi də gözləmək istəmirdi. Tarix sübut edib ki, onlar düzgün iş görüb, ciddi zirvələrə nail olublar. Ancaq bəzən gənclər gözləmək istəmədikləri üçün qərar verirlər. Belə olur ki, onların səbri və doğru anı gözləmək istəyi qalmır. Buna görə bəzən onların karyerası yanlış istiqamətdə gedə bilər.
Salahı “buraxdım” deyəndə, mən bunun əksinə olduğunu iddia edirəm. Salahı aldım, təkid etdim. O, “Liverpul”a getməli idi, amma mən onun üçün mübarizə apardım və onu “Çelsi”yə gəlməyə inandırdım. “Çelsi”də vəziyyət belədir ki, ya keyfiyyət vermək, ya da gözləmək lazımdır. Onu satmaq qərarı mənim tərəfimdən verilməyib. Baxmayaraq ki, daha çox oynamaq istədiyi üçün ona icarəyə getməyi məsləhət görmüşəm.
Kevin də oxşar vəziyyətlə üzləşmişdi. O, kifayət qədər oynamadığı üçün qərar verdi.
Hər ikisi ayrılmaqda haqlı olduqlarını söyləyə bilərlər. Amma mənim bununla heç bir əlaqəm yoxdur. Mən onları qovmadım”, – Mourinyo “Obi One” podkastında deyib.
Aut.az
