AFFA-da “yerli, yoxsa əcnəbi baş məşqçi” məsələsinə görə qarşıdurma
Bu gün futbol üzrə milli komandanın baş məşqçisi Canni de Byazi ilə yollarını ayıran AFFA rəhbərliyi artıq yeni çalışdırının axtarışlarına başlayıb.
Aut.az-ın əldə etdiyi məlumata görə, İcraiyyə Komitəsinin fövqəladə iclasında italyan məşqçinin taleyinə aydınlıq gəldikdən dərhal sonra bu məsələ müzakirə olunub. Komitə üzvləri xeyli fikir mübadiləsi aparıblar. Əksər funksionerlər millinin yerli məşqçiyə tapşırılmasının tərəfdarı olduqlarını bildiriblər. Ancaq yenidən əcnəbi məşqçiyə üstünlük verilməsini istəyənlər də olub.
Bundan sonra baş katibliyə yerli və əcnəbi məşqçilərdən ibarət namizədlərin siyahısının hazırlanması barədə göstəriş verilib.
Əldə etdiyimiz məlumata görə, yeni baş məşqçinin adına, böyük ehtimalla, bu il aydınlıq gəlməyəcək. Bu proses 2024-cü ilin martına – AFFA-nın seçki-hesabat konfransına qədər uzana bilər.
