Kiyev “Dinamo”su və Donetsk “Şaxtyor”unun keçmiş məşqçisi, əfsanəvi rumıniyalı mütəxəssis Mirça Luçesku Rusiya jurnalistlərinə müsahibə verib.
Aut.az xəbər verir ki, Luçesku bu müsahibədə ancaq futboldan danışdığını bildirib. O, heç vaxt Rusiyaya qayıtmayacağını da vurğulayıb:
“Əvvəla onu deyim ki, son müsahibəm futbol mövzusunda olub, müharibə və siyasət yox, yalnız futbol. Məndən birbaşa Rusiyaya qayıtmağımı soruşsaydılar, cavab verərdim ki, heç vaxt pislik yaradan, müharibələr aparan ölkəyə qayıtmayacağam.
Mən Kiyevdə “Dinamo”nun heyətində işləmişəm və Rusiyanın gətirdiyi müharibənin bütün dəhşətlərini öz gözlərimlə görmüşəm. Komandanı tərk etmədim, futbolçuları hava reydlərinə hazırladım və ailələrinin təxliyəsinə kömək etdim. Bütün bunları mən özüm hiss etdim, Rusiyaya qayıtmaqdan necə söhbət gedə bilər? Hazırda əsas arzum Ukraynada sülh və əmin-amanlıqdır. Bu, ukraynalılar üçün təhlükəsizlik və bu gözəl ölkənin çiçəklənməsi deməkdir.
Gələcək karyerama gəlincə, indi təqaüdə çıxmaq fikrim yoxdur. Böyük futbola qayıtmaq, Avropa səviyyəsində çıxış edəcək komandaları çalışdırmaq istəyirəm. Futbol möcüzələr yarada bilər, xatırlayıram ki, biz Avropada stadionları necə doldurmuşduq, o zaman ukraynalılar oyunlara gələrək vətənlərində baş verənləri heç olmasa bir müddət unuda bilirdilər.
Mən Ukraynanı düşmən kimi tərk etmək istəmirəm. Müharibə zamanı Ukraynanı tərk etməyən yeganə əcnəbi məşqçi idim, bütün bu müddət ərzində “Dinamo”nun və ölkənin yanında olmuşam. İstəyirəm ki, məni Ukrayna futbolunun və Ukrayna idmanının inkişafına kömək edən bir insan kimi xatırlayasınız.
Bir daha demək istəyirəm – mən heç vaxt Rusiyaya işləməyə qayıtmayacağam. Ukraynada öz gözlərimlə gördüklərimdən sonra bu, ümumiyyətlə, müzakirə olunmur. Rusiya terrordur, ölüm və ağrıdır. Bu ölkə mənim ikinci vətənimi – Donetskimi əlimdən aldı. Üçüncüsünü, Kiyevi götürmək istədi”.
Aut.az