İddia: “Bayer” “Qarabağ”ın qarşısına ehtiyat qüvvə ilə çıxacaq
“Bayer” Bakıda meydana ehtiyat qüvvəylə çıxacaq.
Aut.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la bu gün keçiriləcək oyunda Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso rotasiya etmək qərarına gəlib. İspaniyalı mütəxəssis əsasən az oyun şansı əldə edən futbolçulara güvənəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada “aspirinlər”in qapısını Matey Kovarj qoruyacaq. Oyunlarda adətən sonradan meydana çıxan Yosip Stanisiçlə Pyero İnkapenin ilk dəqiqələrdən müdafiə xəttində qərarlaşacağı gözlənilir.
İspaniyalı mütəxəssis yarımmüdafiədə də Robert Andrix, Natan Telya və Amine Adliyə şans vermək fikrindədir. Zədədən yeni qayıdan hücumçu Patrik Şikin isə iştirakı sual altındadır.
Qeyd edək ki, “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.
