Dünya futbolu

Ruslar qəzəblidir, ukraynalılar sevinir

Üç təkanla tullanma üzrə dünya çempionu, ukraynalı atlet Olqa Saladuxa Avropa Futbol Assosiasiyaları İttifaqının ( UEFA ) Rusiyanın 17 yaşadək futbolçulardan ibarət milli komandalarına qadağanı bərpa etməsini dəstəkləyib.

Sentyabrın 26-da UEFA İcraiyyə Komitəsi Rusiyanın yeniyetmələrdən ibarət komandalarına himayəsində olan yarışlarda neytral statusda (himn və bayraqsız) iştirak etməyə icazə verib. Lakin oktyabrın 10-da Rusiya komandalarının oynamasına imkan verən texniki həll tapılmadığından, məsələ UEFA İcraiyyə Komitəsinin gündəliyindən çıxarılıb.

“UEFA geri çəkildi. Təşkilat 17 yaşına çatmamış rusların yarışlara buraxılması ilə bağlı ilkin qərarını ləğv edib.

Bu, idman ictimaiyyətinin təzyiqinin nəticəsidir. 55 Avropa federasiyasından ən azı 12-si rusların meydana çıxacağı təqdirdə boykot elan edib. Belə şəraitdə bütün turnir prosesi pozulacaqdı. Buna görə də UEFA rusların mümkün qayıtması üçün “texniki həll” tapmamaq bəhanəsi ilə ilkin niyyətindən əl çəkdi.

Bu, bizim həmrəyliyimizin gücünü nümayiş etdirən gözəl bir hadisədir. Ukrayna prinsipial mövqe nümayiş etdirən hər kəsə təşəkkür edir”, – Ali Radanın deputatı və Ukrayna Atletika Federasiyasının prezidenti səlahiyyətlərini icra edən Saladuxa sosial şəbəkələrdə yazıb.

Aut.az