Qayıdışı şou ilə qeyd edəcəklər – VİDEO
UEFA Çempionlar Liqasının himni 20 ildən sonra ilk dəfə çərşənbə günü “Sent Ceyms Park”da səsləndiriləcək.
2003-cü ildən sonra ilk dəfə “Nyukasl” Avropanın bir nömrəli klub turnirinə qayıdacaq. “Ağ-qaralar” buna heç də asanlıqla nail olmadı. Premyer Liqadan ÇL-ə vəsiqə verən “ilk dördlük”də yer almaq üçün onlar xeyli mübarizə apardılar. Hətta Çempionşipə belə düşdülər.

Lakin klubun sahibləri dəyişdikdən sonra hadisələr fərqli məcrada inkişaf etməyə başladı. 2021-ci ildə “Nyukasl” Səudiyyə Ərəbistanı dövlətinə məxsus invenstisiya fondu tərəfindən alındı. Düşünülürdü ki, klub böyük pullar xərcləyərək ulduz futbolçularla güclənəcək. Ancaq belə olmadı. İngiltərəli funksionerlər ərəbləri pulun hər zaman uğur gətirməyəcəyinə inandıra bildilər. Nəticədə böyük vəsait klubun transferlərinə deyil, infrastrukturunun yaxşılaşdırılmasına ayrıldı.

Komanda ingilis mütəxəssis Eddi Houva tapşırıldı və onun tələbləri əsasında transferlər edildi. “Sağsağanlar” bunun bəhrəsini ilyarıma gördülər. Bir vaxtlar Çempionşiplə Premyer Liqa arasında var-gəl edən “Nyukasl” sentyabrın 19-da səfərdə Çempionlar Liqası matçına çıxdı. “Milan”la oyunda əldə edilən qolsuz heç-heçə pis nəticə hesab edilmədi.
Komanda oktyabrında 4-də isə turnirdə uzun fasilədən sonra ev oyununa çıxacaq. Rəqib isə Fransa çempionu PSJ olacaq.

“Nyukasl” Çempionlar Liqasının “Sent Ceym’ Park”a qayıdışını xüsusi üslubda qeyd etməyə hazırlaşır. Arenanın üzərində dron şoularının təşkil edilməsi planlaşdırılır. Artıq bir neçə dəfə məşq edilib. Şou bütün Nyukasl şəhərinin görə biləcəyi formada təşkil ediləcək.
Bu şounu effektiv edə biləcək şəxslər isə “Nyukasl” futbolçularıdır. Onların qazanacağı uğurlu nəticə limanlar şəhəri üçün gecəni əsl futbol bayramına çevirə bilər.





