“Ximki”nin Azərbaycan əsilli futbolçusu Ayaz Quliyev karyerasını ölkəmizdə davam etdirəcək.
Aut.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Sabah”la müqavilə bağlayıb. Bakıya gələrək tibbi müayinədən uğurla keçən Ayaz artıq rəsmi sözləşməyə imza atıb.
“Sabah” da sosial şəbəkə hesablarında bu transferin anonsunu verib.
Maraqlı məqam odur ki, Ayaz Quliyev ötən ay “Neftçi”yə transfer olunmağa yaxın idi. Futbolçu maddi məsələlərdə “ağ-qaralar”la razılığa gəlmişdi. Quliyev hətta Bakı təmsilçisinin Sankt-Peterburqdakı toplanışı zamanı komandanın düşərgəsinə yollanaraq tibbi müayinədən uğurlu keçmişdi.
Ancaq onun məxsus olduğu “Ximki”nin azərbaycanlı sahibi Tufan Sadıqov “Neftçi”dən 600 min avro tələb etmiş və heç bir güzəştə getməmişdi.
Əldə etdiyimiz məlumata görə, Moskva təmsilçisi “ağ-qaralar”dan fərqli olaraq “Sabah”a yüksək məbləğdə güzəştə gedib. Belə ki, “Sabah” Ayaza görə “Ximki”yə 200-300 min avro vəsait ödəyəcək.
Tufan Sadıqov “Neftçi”yə etmədiyi güzəşti “Sabah”a niyə edib? Bu barədə də bəzi məlumatlar əldə etmişik. Detalları dəqiqləşdirdikdən sonra məlumat verəcəyik.
Aut.az