“Əl-İttihad”ın fransız hücumçusu Kərim Benzema ilə komandanın baş məşqçisi Nuno Espirito Santo arasında münasibətlər ciddi şəkildə korlanıb.
Aut.az xəbər verir ki, bu barədə “Asharq Al-Aswat” məlumat yayıb. Səudiyyə nəşri yazır ki, portuqaliyalı mütəxəssis Benzemanı start heyətində meydana çıxarmağa həvəsli deyil və bunun bir neçə səbəbi var.
Nuno hücumçunun oyun tərzini bəyənmir və bu transferə qarşı çıxıb. O hesab edir ki, Kərimin keyfiyyətləri komandanın tələbatına cavab vermir və buna görə də çempionatda hələ bir qol da vurmayan futbolçu faydalı deyil. Öz növbəsində futbolçunun özü də bu barədə klub rəhbərliyi ilə artıq danışıb və narahatlığını məşqçinin onunla qeyri-peşəkar davranması ilə izah edib.
Onların münasibətləri kapitanın seçimi ilə bağlı da gərginləşib. Benzema ən yüksək səviyyədə böyük təcrübəsi və ulduz statusuna görə kapitanlığa ümid edirdi. Lakin portuqaliyalı məşqçi “Real”ın keçmiş futbolçusundan imtina edərək, klubun əfsanələri Romarinyo və Əhməd Şarahili kapitan seçib.
Münaqişə ona gətirib çıxarıb ki, Benzema “Əl-İttihad”ın son məşqini buraxıb. Klubun mətbuat xidmətinin sosial şəbəkələrdə yaydığı son məşqdən çəkilən bütün fotolarda yalnız bir futbolçu yoxdur – KB9.
Xatırladaq ki, Benzema iyunun 6-da “Əl-İttihad”ın futbolçusu olub. Mətbuatda yayılan xəbərlərə görə, futbolçuya vergidən azad olmaqla illik 200 milyon avro maaşla iki illik müqavilə təklif olunub.
Aut.az