Avropa Liqası

“Qarabağ”ın bir əsrdən çox yaşı olan rəqibi – Bir dəfə…

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Sloveniya “Olimpiya”sı 1911-ci ildə yaradılıb.

Yeddiqat ölkə çempionu ev oyunlarını Lyublyana şəhərindəki 16 min azarkeş tutumuna malik “Stojitse” stadionunda keçirir.

Klubun prezidenti Adam Delius, baş məşqçisi isə portuqaliyalı Joau Enrikeşdir.

“Olimpiya” 2004-cü ildə maliyyə problemləri ilə üzləşib. Həmin mövsümü çətinliklə başa vurmağı bacarıb. Mövsümün sonunda klub maddi sıxıntılar ucbatından buraxılıb və bir müddət aşağı liqalarda mübarizə aparıb. 2008/2009 mövsümündə isə yenidən əsas çempionata vəsiqə qazanıb.

“Köhlən atlar” daha əvvəl də avrokuboklarda bu komanda ilə üz-üzə gəlib. Ağdamlılar 2018/2019 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Lyublyana təmsilçisini iki matçın nəticəsinə əsasən üstələyib – 1:0, 0:0.

Azərbaycan komandalarından “Qarabağ”dan başqa, fəaliyyətini dayandırmış “Şəfa” da “Olimpiya” ilə qarşılaşıb. 2001/2002 mövsümündə UEFA Kubokunda (hazırkı Avropa Liqası) Sloveniya klubu hər iki oyunda darmadağınla qələbə qazanmışdı – 4:0, 3:0.

“Əjdahalar” 1991/1992, 1992/1993, 1993/1994, 1994/1995, 2015/2016, 2017/2018 və 2022/2023 mövsümündə Sloveniya çempionu olub. Komanda 1993, 1996, 2000, 2003, 2018, 2019 və 2021-ci illərdə ölkə kubokuna sahib çıxıb.

Cari mövsümə qitənin bir nömrəli klub turnirində başlayan “yaşıl-ağlar” Latviya “Valmiera”sı və Bolqarıstan “Ludoqorets”ini məğlub etsə də, III təsnifat mərhələsində Türkiyə təmsilçisi “Qalatasaray”a yenilib.

Qeyd edək ki, “Qarabağ” “Olimpiya”ya qarşı ilk oyunu avqustun 24-də səfərdə, cavab matçını isə bundan bir həftə sonra Bakıda keçirəcək. (Report)