Türkiyədən onlara təklif: Gəlin bu şəhərdə döyüşün
Türkiyə turizm sənayesinin nümayəndələri İlon Mask və Mark Zukerberqi Antalyanın kurort şəhəri Aspendos antik şəhərinin amfiteatrında döyüşməyə dəvət ediblər.
Aut.az xəbər verir ki, bu barədə məlumatı “Hürriyet” qəzeti Türkiyə Otelçilər Birliyinin sədr müavini Murat Toktaşa istinadən yayıb.
“İlon Mask və Mark Zukerberqin qəfəsdə döyüşmək ideyası çox cəlbedicidir. Bunun həyata keçirilib-keçirilməyəcəyini bilmirik, amma turizm sektorunun nümayəndələri olaraq qədim gözəlliyi ilə məşhur olan Aspendosu döyüş üçün ən uyğun yer hesab edirik”, – deyə Toktaş bildirib.
“ Meta”nın X (Twitter) üçün rəqib tətbiqini işə salmaq planları ilə bağlı məlumat yayıldıqdan sonra Mask Zukerberqə döyüş təklif edib. Avqustun 1-də Mask bildirib ki, Zukerberqlə döyüş sosial mediada yayımlanacaq.
