Avqustun 10-da ölkəmizdə futbol tarixində nadir rast gəlinən hadisələrdən birinin yaşanacağı barədə məlumat vermişdik. Həmin gün avrokuboklarda çıxış edən üç təmsilçimiz eyni gündə, demək olar eyni vaxtda meydana çıxacaq.
Bu, UEFA-nın bayrağı altında keçirilən yarışlarda nadir yaşanan, bəlkə də ilk belə hadisədir. Qitənin ali futbol qurumu bəzən eyni gündə 2 oyunun keçirilməsinə belə icazə vermir. Amma bu dəfə fərqli oldu. Nəticədə bu məqam yer azarkeşlər və futbol ictimaiyyəti tərəfindən etirazla qarşılandı:
AFFA da məsələyə biganə qalmamış, oyunların vaxtının və ya yerinin dəyişdirilməsi barədə UEFA ilə danışıqlara başlamışdı. Artıq müzakirələr başa çatıb. Bu barədə federasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədov Aut.az-a məlumat verib. Onun sözlərinə görə, oyunlardan birinin tarixini dəyişmək istəyi baş tutmayıb:
“Üç avrokubok oyununun eyni gündə Bakıda keçirilməməsi ilə bağlı UEFA-ya müraciət etmişdik. UEFA-dan bizə cavab verildi ki, qonaq komandalardan biri razılaşarsa, matçlardan biri avqustun 9-da keçirilə bilər. Lakin rəqib komandalar səfər proqramını öncədən tərtib etdiklərindən bununla razılaşmadılar. Nəticədə, UEFA yekun qərarı verdi ki, oyunlar bir gündə avqustun 10-da keçirilsin”.
Qeyd edək ki, Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” HİK-i qəbul edəcək. Konfrans Liqasının 3-cü təsnifat mərhələsində çıxış edən klublarımızdan “Sabah” “Partizan”la, “Neftçi” isə “Beşiktaş”la qarşılşacaq. Hər üç görüş avqustun 10-da keçiriləcək.