Xəbərdarlıq etdilər: Özünə klub axtar
“Bayern”lə ulduz futbolçusu Sadio Mane arasında problemlər bitmək bilmir.
Aut.az xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi seneqallı vingerə özünə yeni komanda axtarmağı tapşırıb. 31 yaşlı futbolçuya yeni mövsümün planlarında yer almadığı söylənilib. Bu barədə “Kicker” nəşri məlumat yayıb.
Münhenlilər futbolçunu sataraq maaş büdcəsinə qənaət etmək niyyətindədirlər.
Mane 2022-ci ilin yayında “Liverpul”dan “Bayern”ə keçib. O, ötən mövsüm 38 oyunda 12 qol vurub və 6 asist edib.
Qeyd edək ki, Maneylə “Bayern” rəhbərliyi arasındakı problemlər ötən mövsümün gedişindən başlayıb. Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti”yə boyük hesablı məğlubiyyətdən sonra Sadio komanda yoldaşı Leroy Sane ilə mübahisə edib və onun sifətinə zərbə endirib. Afrikalı futbolçu bu hadisədən sonra klub tərəfindən cəzalandırılıb.
