Təmsilçimizin ÇL-dəki rəqibi nə vaxt müəyyənləşəcək?
Futzal üzrə UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünün püşkatma tarixi və reqlamenti açıqlanıb.
Aut.az xəbər verir ki, 51 ölkəni təmsil edən 55 klub qalib adı uğrunda mübarizə aparacaq.
İlkin və əsas mərhələnin püşkü iyulun 5-də atılacaq. İştirakçı klublar arasında reytinqdə 23-cü pillədə yer alan Azərbaycan çempionu “Araz-Naxçıvan” mübarizəyə ilkin mərhələdən qoşulacaq. Bu mərhələdə 32 komanda 8 qrupda yarışacaq. Yalnız öz qrupunda birinci pilləni tutacaq komandalar və ən yaxşı göstəriciyə malik ikinci yerin sahibi (ümumilikdə 9 komanda) əsas mərhələyə vəsiqə qazanacaq.
Əsas mərhələnin oyunları 24-29 oktyabr tarixlərində keçiriləcək. Dörd ölkə – İspaniya, Portuqaliya, Qazaxıstan və Xorvatiyanın hər biri iki klubla təmsil olunacaq. Xorvatiyanın bu şansı qazanması Rusiyanın FIFA və UEFA tərəfindən cəzalandırılması ilə bağlıdır.
Püşkatma və oyun tarixləri:
İlkin və əsas mərhələnin püşkatması: 5 iyul
İlkin mərhələ: 22-27 avqust
Əsas mərhələ 24-29 oktyabr
Elit raundun püşkatması: 2 noyabr
Elit raund 28 noyabr – 3 dekabr
Final mərhələsi: 2-3, 4-5 may 2024-cü il
