“Qarabağ”ın futbolçusu Julio Romao komandanın Çempionlar Liqasındakı çıxışı barədə danışıb.
Aut.az xəbər verir ki, Braziliyanın istoe.com.br saytına açıqlama verən 25 yaşlı yarımmüdafiəçi ÇL-in 1-ci təsnifat mərhələsində “Linkoln”a qarşı keçirəcəkləri matçlar barədə danışıb. O, avrokuboklarda komandasına kömək edəcəyinə inandığını deyib:
“Ümid edirəm ki, yaxşı oyun göstərib komandama Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməyə kömək edə biləcəm. “Qarabağ”la bu yeni çağırış üçün çox motivasiyalıyam. Mən ilk dəfə bu turnirdə oynayacam. Bu, çox özəldir. Hər bir futbolçu bir gün Çempionlar Liqasında oynamaq arzusundadır.
Komandamız qarşısına qoyduğu məqsədə çatmaq üçün səylərini əsirgəməyəcək. Azərbaycan çempionu olmaq çox vacib idi. Bu, mənə klubda daha çox sabitlik və özümü daha yaxşı qiymətləndirməyə kömək etdi. Artıq Avstriyada mövsümöncəsi məşqlərə başlamışıq. İstər kollektiv, istərsə də fərdi şəkildə bütün mümkün məqsədlərə nail olmaq üçün çox çalışacağıq”.
Qeyd edək ki, Romao ötən ilin yayında “Qarabağ”da oynayır.
Əlavə edək ki, ÇL-də birinci mərhələnin oyunları 11/12 iyul və 18/19 iyulda olacaq. “Qarabağ” “Linkoln”la ilk görüşünü səfərdə, cavab oyununu evdə keçirəcək.