“Mançester Siti”nin ulduzu Cek Qrilişi hər kəs intizamsız, içki düşkünü, gecə klublarından çıxmayan bir futbolçu kimi tanıyır. Düzdür, meydandakı oyunu ilə tənqidləri üstələyə bilir.
Bu yaxınlarda məlum olub ki, o, şəxsi həyatında heç də göründüyü kimi deyilmiş. Cek ailəsinə – xüsusilə bacısına diqqət yetirir. Bacısı Holli Qriliş vaxtından 3 ay əvvəl və serebral ifliclə doğulub. Heç kim onun gəzəcəyini və danışacağını gözləmirdi.
Bununla belə, Holli həyata meydan oxuya bildi. İndi dolu bir həyat yaşaya bilir. Cek həmişə bacısını, Holli isə meydanda və meydandan kənarda qardaşını dəstəkləyir. 27 yaşlı yarımmüdafiəçi demək olar ki, bacısını özü ilə hər yerə aparır. Tədbirlərə, nümayişlərə, əyləncəli məkanlara belə onunla gedir. Onun səhhəti və təhsilinə də diqqət yetirir.
“Mən bacımla çox yaxınam. İndi Hollinin 19 yaşı var, o, vaxtından üç ay əvvəl doğulub. Həkimlər onun danışa, yeriyə bilməyəcəyini və bir çox başqa işlərlə məşğul ola bilməyəcəyini düşünürdülər. Amma o bunu etdi. Mən onu çox sevirəm və düşünürəm ki, mən onun üçün yaxşı böyük qardaşam”, – deyə Qriliş “The Sun”a açıqlamasında deyib.