“Qəbələ”nin futbolçusu qəzaya düşdü: Durumu necədir?
“Qəbələ”nin və Azərbaycan millisinin futbolçusu Emil Səfərov qəzaya düşüb.
Aut.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Zaqatalanın Yengiyan kəndi ərazisində baş verib. Səfərovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili 1995-ci il təvəllüdlü Qurban Nəsrullah oğlu Həsrətovun idarə etdyi “Niva” markalı maşınla toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “Niva”nın sürücüsü Q.Həsrətov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Məsələ ilə bağlı “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bunları deyib:

“Emil Səfərovun durumu yaxşıdır. O, heç bir xəsarət almayıb. Yaralanan şəxsin də səhhətində ciddi problem yoxdur. Hadisə ilə bağlı qanunlara uyğun olaraq hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb. Ciddi qəza olmadığı üçün hər hansı məsuliyyət məsələsi yoxdur”. (Publika.az)
