Görün bal ayını nəyə qurban verib – FOTO
Avro-2024-ün seçmə mərhələsində çıxış edən Fransa millisinin düşərgəsində maraqlı hadisə yaşanıb. “Xoruzlar”ın əsas futbolçularından olan Adrien Rabyo zədələndiyi üçün heyətdə dəyişiklik edilib. “Yuventus”un futbolçusunun əvəzinə “Aston Villa”dan Bubakar Kamara milliyə dəvət edilib.
Bu, adi gündə olsaydı, 23 yaşlı futbolçu üçün müsbət hadisə olardı. Ancaq Bubakarın planında yığmanın düşərgəsinə qoşulmaqla bağlı heç nə yox idi. Çünki sevgilisi Korali Porrovekkio ilə evlənən Kamara Fransa millisinin düşərgəsinə deyil, bay ayına yollanmağı planlaşdırırdı. Lakin gözlənilməz dəvət səfərin təxirə salınması ilə nəticələndi.

“Bilmirəm gülüm, yoxsa ağlayım”. Bu sözləri Korali sosial şəbəkə hesabında paylaşıb. “Bob Fransa millisinə çağırıldı, ona görə də biz təyyarədən enəndən sonra çantalarımızı götürüb Marselə qayıtmalı olduq”, – deyə futbolçunun xanımı vəziyyəti izah edib.
Fransa millisi ötən həftə seçmə mərhələ çərçivəsində Cəbəllütariq və Yunanıstanla qarşılaşıb. Komanda hər iki görüşdə qələbə qazanıb. Baş məşqçi Didye Deşam iştirak ərizəsində olan 3 futbolçudan başqa hamıya meydanda vaxt verib. Yalnız Markus Turam, Cordan Veretut və Bubakar Kamara forma geyinmək şansı qazanmayıb. Oyunlardan sonra Kamara “Franceinfo”ya müsahibəsində bu sözləri deyib: “Ümid edirəm ki, həyat yoldaşım mənə çox qəzəblənməyəcək”.

23 yaşlı yarımmüdafiəçinin həyat yoldaşı Korali Porrovekkio Fransada 2015-ci ildə yayımlanan “The Secret History” realiti-şousun birində yer alıb və orada tanınıb. 2018-ci ildə futbolçu ilə tanış olub. Korali özünü tamamilə ailəsinə həsr etmək üçün ictimaiyyətdən uzaqlaşıb. Cütlüyün iki oğlu var. Onlar 5 il bir yerdə yaşadıqdan sonra evlənmək qərarına gəliblər.

Cütlük təbiət qoynunda vaxt keçirməyi, gəzməyi sevir. Bal ayı səfərinin Fransa yığmasına görə təxirə salınmasının ailəyə pis təsir etmə ehtimalı yoxdur. Onlar bunu gülməli bir təsadüf hesab edirlər. Ancaq ikinci cəhddə bal ayı səyahətinin unudulmaz olacağına inanırlar.




