Çağırış etdi: Ərəbləri dayandırın
Böyük ehtimalla, Bernardo Silva Səudiyyə Ərəbistanına gedəcək növbəti oyunçu olacaq.
Aut.az xəbər verir ki, onun adı “Barselona” və PSJ ilə hallanırdı. Lakin “Marca”nın məlumatına görə, portuqal Yaxın Şərq ölkəsini seçib.
Sabiq ingilis futbolçu Ceymi Karrager bu xəbəri eşidəndə üzülüb:
“Bernardo Silva formasının zirvəsindədir və son beş ildə Avropanın ən yaxşı oyunçularından biri hesab olunur! Səudiyyə Liqasının 30 yaşlarında olan oyunçuları və ya Neves kimi elit səviyyəyə çata bilməyən futbolçuları qəbul etməsinə etiraz etmədim. Amma Bernardo getsə, vəziyyət dəyişəcək.
Səudiyyə Ərəbistanı qolf, boks kimi idman növlərini götürdü, indi də futbola sahib çıxmaq istəyirlər. Bu proses dayandırılmalıdır”.
Karrager baş verənlərə diqqəti cəlb etmək ümidi ilə sosial şəbəkələrdə Premyer Liqa və UEFA heşteqindən yararlanıb.
O, Premyer Liqanın zəifləməsindən narahatlığını bildirən ilk şəxs deyil. Onun “Sky Sports”dakı həmkarı Qari Nevill Səudiyyə Ərəbistanına bütün transferlərə embarqo qoyulmasını tələb etmişdi.
Aut.az
