Argentinada keçirilən gənclər arasında dünya çempionatında C və D qruplarında 3-cü turun oyunları yekunlaşıb.
Aut.az xəbər verir ki, D qrupunda Braziliya daha əvvəl pley-offa vəsiqəni təmin etmiş Nigeriyanı 2:0 hesabı ilə məğlub edib. Digər görüşdə İtaliya Dominikan Respublikasına 3:0 hesabı ilə qalib gəlib.
D qrupunda yer alan üç komandanın hər biri altı xal toplayıb, lakin ən yaxşı top fərqinə görə Braziliya birinci, İtaliya ikinci, Nigeriya üçüncü olub. Hər üç komanda 1/8 finalda mübarizəni davam etdirəcək.
C qrupunda hər iki qarşılaşmanın nəticəsi ikinci hissəyə əlavə edilmiş vaxtda müəyyənləşib. Əlavə edilmiş dəqiqələrdə Kolumbiya Seneqalla oyunda hesabı bərabərləşdirib (1:1), İsrail isə Yaponiya ilə qarşılaşmada qələbəni təmin edib 2:1.
Qrupda birinci yeri yeddi xalla daha əvvəl pley-offa vəsiqəni təmin etmiş Kolumbiya tutub. İsrail dörd xal toplayıb və ikinci yerdən 1/8 finala yüksəlib. Yaponiyanın üç xalı var və onun növbəti mərhələyə keçməsi digər qruplardakı oyunların nəticələrindən asılı olacaq.
Seneqal iki xal toplayıb və dördüncü pillədə qalıb. Bu nəticələrdən sonra Yeni Zelandiyanın A qrupunda üçüncü yerdən pley-offa vəsiqə qazandığı da dəqiqləşib.
A qrupundan növbəti mərhələyə vəsiqəni daha əvvəl Argentina və Özbəkistan da təmin etmişdi.
Aut.az