Səsləri eşidilməyənə qədər susmayacaqlar
“Valyadolid” hakim Migel Anxel Ortis Aryasın cəzalandırılmasını tələb edir.
Xatırladaq ki, La Liqanın 34-cü turunda “Valyadolid” doğma meydanda “Sevilya”ya uduzub (0:3). Birinci hissənin sonunda, hesab 0:0 olarkən “Valyadolid”in müdafiəçisi Serxio Eskuderonun cərimə meydançasının kənardan qol vurduğu anda matçın baş hakimi Migel Anxel Ortis Aryas ilk hissənin başa çatdığını bildirən fiti çalıb. Nəticədə qol hesaba alınmayıb.
“Valyadolid” müvafiq qurumlara hakimdən şikayət edib. Onlar Aryasın cəzalanmasını və bundan sonra “Valyadolid”in oyunlarına təyinat almamasını tələb edirlər.
“Səsimiz eşidilməyənə və narazılığımıza aydınlıq gətirilməyənə qədər susmayacağıq. Biz İspaniya La Liqasındakı 95 illik tariximizə və klubun təmsil etdiyi bütün azarkeşlərə hörmət əlaməti olaraq hüquqlarımızı qorumaqda israr edəcəyik”, – “Valayadolid”in açıqlamasında deyilir.
Aut.az
