“Qalatasaray”dan təklif: Heydər Əliyevin 100 illiyi ilə bağlı turnir keçirilsin
“Qalatasaray” klubunun prezidenti Dursun Özbək maraqlı təklif irəli sürüb.
Aut.az xəbər verir ki, İstanbul nəhənginin rəhbəri ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı turnir keçirilməsini təklif edib. Bu barədə “Milliyet” məlumat yayıb.
Bildirilir ki, Dursun Özbək yarışın türk dövlətlərinin futbol komandaları arasında keçirilməsini istəyir. O, bu təklifi Bakıda olan zaman verib.
Qeyd edək ki, martın 26-da “Qarabağ” və “Qalatasaray” komandalar arasında Türkiyədəki zəlzələ qurbanlarına dəstək məqsədiylə xeyriyyə matçı keçirilib. Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Sarı-qırmızılar”ın rəhbərliyi oyunu izləmək üçün Bakıya geniş heyətlə səfər edib və bir sıra rəsmi görüşlər keçirib.
