Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin 2-ci turunda İsveçə böyük hesabla məğlub olub.
Aut.az xəbər verir ki, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev millimizin uduzmasına münasibət bildirib. 2005-ci ildə Varşavada keçirilən Polşa-Azərbaycan oyununu yada salan diplomat bildirib ki, 18 il əvvəl millimizlə eyni təyyarədə Bakıya qayıdıb və gördüyü mənzərə onu sözün əsl mənasında şoka salıb.
“Deməli, milli komandamız dünən də 0:5 uduzdu. İsveçə.
Qürrələnməli məsələ deyil. Amma gərək olanı yazasan. Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 0:8 hesabı ilə məğlub olduq.
VİP lojada Polşanın müdafiə naziri V.Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub:
– “Bu futboldur. Hər dəqiqə hər şey dəyişə bilər” , – dedi.
Dördüncü qol vurulanda isə:
– “Futbol boş şeydir. Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan”, deyə ürək-dirək verdi.
Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən, o da oyuna görə xəcalət çəkirdi.
Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım (Milli komandamız Polşa səfərindən sonra Bakıya dönməyib. Növbəti oyun üçün İngiltərəyə çarter reysi ilə yollanıb – red.). Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil 0:8 hesabı ilə uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən – dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar.
Yanaşı oturduğumuz məşqçi Novruz Diniyev isə (red – Vilayət Quliyev burada ya Şahin Diniyevi, ya da Novruz Əzmimovu nəzərdə tutur. Hər iki mütəxəssis həmin vaxt baş məşqçi Karlos Alberto Torresin məşqçilər korpusunda yer almayıb. Onların komandayla səfərə yollanmaq ehtimalı var. Dəqiqləşdirmə apardıq, həmin vaxt məşqçilər korpusunda yerli mütəxəssis olmayıb – red.) guya özünə haqq qazandırırmış kimi:
“Uduzacağımızı bilirdim. Amma day belə hesabla yox…”, – dedi.
Uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan…
Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir…” – Vilayət Quliyev qeyd edib.