Yaşı ötsə də, Avropanı Asiyaya dəyişsə də, Kriştiano Ronaldo bu gün də futbol dünyası üçün önəmli adlardan biridir. Hər addımı, qərarı, hətta oyunları belə diqqət mərkəzindədir.
Superulduz böyük ehtimalla, bir neçə ilə karyerasını başa vuracaq. Bununla belə, futbol Ronaldosuz qalmayacaq. Söhbət onun böyük oğlu Kristiano Juniordan gedir. O, Ronaldonun varisi hesab edilir.
Portuqaliyalı futbolçunun anası Dolores Aveiro da bu fikirdədir. Kiçik Ronaldo zahirən atasına bənzəyir, onunla eyni mövqedə oynayır və yaşının az olmasına rəğmən, diqqətləri özünə cəlb edə bilib. Balaca Krişi 5-6 il, bəlkə də daha tez vaxtda böyük futbolda gör bilərik. Buna görə də onunla indidən tanış olmaq lazımdır.
Kiçik Ronaldo 2010-cu ilin iyununda ABŞ-da anadan olub. Bu, sürpriz xəbər idi. Çünki portuqaliyalı futbolçu ata olacağını açıqlamamışdı. Ronaldonun saytında oğlan uşağının dünyaya gəldiyi ilə bağlı qısa xəbər yer aldı. Çoxları bunu zarafat hesab edirdi. Lakin oyunçunun nümayəndələri bir müddət sonra Kriştianonun həqiqətən ata olduğunu təsdiqlədilər.
Kiçik Kriştianonun anasının kim olduğu bu günə kimi bilinmir. Ronaldo bunu oğlundan belə gizli saxlayır. Ancaq mətbuatda müxtəlif iddialar var. Ən real olanı isə Ronaldonun surroqat ananın xidmətindən istifadə etməsidir. Ancaq reallıq gec-tez üzə çıxacaq. Çünki superulduz oğlunun 18 yaşı tamam olanda ona anası haqqında həqiqəti danışacacağını vəd edib.
Kriştiano Junior atasına hər mənada oxşayır. Hətta onun yolunu davam etdirir. Ronaldo ailəsi də ona xüsusi həssaslıqla yanaşır. Uşağlığını nənəsin yanında keçirib. İndi isə atasının sevgilisi Corcina Rodrigez onu himayə edir. Ronaldonun özü isə oğlunu futbolçu kimi görmək istəyir. Buna görə övladını təhsilə deyil, idmana yönəldib. Təsadüfi deyil ki, 12 yaşlı Kriştiano fiziki göstəricilərinə görə həmyaşıdlarından kəskin şəkildə fərqlənir.
Ronaldo Juniorun ilk klubu “Posuelo” olub. O, 6 yaşında atasının çıxış etdiyi “Real”ın akademiyasına deyil, dördüncü divizion təmsilçisinin uşaq futbol məktəbinə qəbul edilib. Kriştiano Junior ilk matçında fərqlənərək komandasının 4-3 hesablı qələbəsində pay sahibi olub. 2017-ci ildə isə atası ilk dəfə onun oyununu izləmək üçün stadiona gəlib. Balaca Ronaldo həmin görüşdə 6 qol vurmaqla kimin oğlu olduğunu hər kəsə nümayiş etdirib. Kriştianoinho ləqəbini qazanan 7 yaşlı futbolçu bundan sonra “Real”ın akademiyasına qoşulub. O, müxtəlif yaş qruplarında keçirdiyi 20 matçda 50 qol vurub.
2018-ci ildə Ronaldo “Yuventus”a transfer olunanda oğlu da İtaliya klubunun akademiyasına qoşulub. Onun yeni komandasındakı debütü möhtəşəm alınıb. Kriştianoinho “Yuve”nin U-9 komandasındakı ilk oyununda poker edib. O, bu uğura atasının sevimli – 7 nömrəli formasıyla nail olub.
“Qoca sinyora”nın akademiyası Ronaldo Junior üçün olduqca uğurlu alınıb. O, burada xeyli inkişaf edib. Həftədə 4-5 dəfə məşq edib, 1 oyun keçirirdi. Bundan əlavə dərsləri ilə də məşğul olurdu. 2019-cu ilin oktyabrında artıq inanılmaz statistikaya sahib idi – 28 oyun, 58 qol və 18 məhsuldar ötürmə.
2021-ci ilin yayında atası “Mançester Yunayted”ə transfer olunasa da, kiçik Ronaldo “Yuventus”da qaldı. Yalnız 2022-ci ilin fevralında Mançester təmsilçisinin akademiyasına qoşuldu. Ronaldo oğlunun uğurlarından ilhamlaraq bu barədə hər yerdə danışırdı. Qeyd edirdi ki, övladı onunla eyni komandada oynamaq istəyir.
Junior Ronaldo eqolu insan kimi tanınan atası ilə zarafat etmək hüququna sahib olan azsaylı insanlardan biridir. Təsəvvür edin ki, o, Qaret Beylin atasından daha sürətli olduğunu söyləyir. Bu azmış kimi Ronaldonun əzəli rəqibi Lionel Messini sevimli futbolçusu adlandırır. Kriştiano oğlunun zarafatlarından incimədiyini, əksinə həzz aldığını bildirir. Superulduz 2017-ci ildə baş tutan “Qızıl top” mərasiminə onu da aparıb. Həmin gün səhnə arxasında Lionel Messi ilə kiçik Ronaldonun ilk görüşü baş tutub. Həmin görüşdən sonra Kriştianoinho Leonu kumiri adlandırdı.
Ronaldo təhsildən fərqli olaraq oğlunun tərbiyəsinə olduqca ciddi yanaşır. Onun dəbdəbə içində böyüməsindən narahatdır. Sahib olduğu hər şeyin asanlıqla başa gəlmədiyini ona göstərməyə çalışır. Təsadüfi deyil ki, kiçik Kriştianoya mobil telefon belə almayıb. Kriştiano oğluna fərqli həyatların olduğunu göstərməyə çalışır. Məsələn, Ronaldo onu bir vaxtlar yaşadığı evə, hətta “Sportinq”də qaldığı akademiyaya aparıb. Kriştianoinyo gördüklərindən təəccüblənib:
“Akademiyada qaldığım otağa girdik. O, mənə tərəf dönüb dedi: “Ata, sən burada yaşamısan?” Buna inana bilmirdi. Bu dünyada hər şeyin asan olduğunu düşünürlər. Həyat keyfiyyəti, evlər, maşınlar, paltarlar… Onlar elə bilirlər ki, hər şey göydən düşür. Oğluma bunun belə olmadığını çatdırmağa çalışıram. Mən məktəb tədbirlərində də bu haqda danışıram. Uşaqlara izah etməyə çalışıram ki, istedad heç nəyə qadir deyil. Amma zəhmət və əzmlə istədiyiniz hər şeyə nail ola bilərsiniz”.
Ronaldo oğlunun pis vərdişlərindən əsəbiləşir. Eyni zamanda, onun böyük potensialının olduğunu da söyləyir:
“Bəzən kola, soda içir, çipsi yeyir. Baxmayaraq ki, bunun məni qıcıqlandırdığını bilir. Ona deyirəm ki, qaçdıqdan sonra bərpa üçün soyuq suya girməlisən. Onun cavabı isə “Ata, orada mənə soyuqdur” olur. Onun potensialı var. Sürətli və texnikalıdır. Amma hələlik bu, heç nə demək deyil”.
Ronaldo “Əl Nəsr”ə keçəndən sonra kiçik Kriştiano Səudiyyə Ərəbistanının milli idman mərkəzi olan Ər-Riyaddakı “Mahd” Akademiyasına qatılıb. O, qısa zamanda performansı ilə məşqçiləri heyran edib. Kriştianoinho özündən böyük uşaqlarla – U-14 komandası ilə məşq edir. Debüt oyununda da dubl edib. Göründüyü kimi, o, yenə iş başındadır. Belə davam edərsə, atasının yolunu uğurla davam etdirəcək.(Publika.az)