Ərəblərin yeni planı – Milyardlar ödəməyə hazırdırlar
Səudiyyə Ərəbistanı dövləti daha böyük idman layihələrinə pul xərcləməyi hədəfləyir.
Aut.az xəbər verir ki, ölkənin Dövlət İnvestisiya Fondu bu məqsədlə hərtərəfli fəaliyyət göstərir. Bir müddət öncə təşkilat “Formula 1” üzrə dünya çempionatını əldə etməyi düşünüb. Amma bununla bağlı danışıqlar elə ilkin mərhələdə uğursuzluqla başa çatıb. Çünki “Formula 1″in sahibi olan “Liberty Media Corp” qurumu satmaqdan imtina edib.
Bildirilir ki, ilk uğursuz cəhdə baxmayaraq, ərəblər planlarından əl çəkməyib. “Liberty Media Corp”a qərarını dəyişərsə, fond hərracda iştirak edəcək.

Amerikalı sahibkar John Maloneyə məxsus olan “Liberty Media Corp” şirkəti 2017-ci ildə “Formula 1”-i 4,4 milyard dollara alıb. Hazırda dünyanın ən bahalı avtoidman yarışının dəyəri 15,2 milyard dollardır.
Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu isə 400 milyard dollarlıq aktivlərə sahibdir. Fond 2021-ci ildə İngiltərənin köklü klublarından biri olan “Nyukasl” klubunu alıb.
