İranlı futbolçular himni oxuyacaqlar? – Kapitan deyir ki…
İran yığmasının kapitanı Əlirza Cahanbaxş Britaniya mətbuatını ittiham edib.
Aut.az xəbər verir ki, mətbuat konfransı zamanı “Feyenoord”un yarımmüdafiəçisindən İranda baş verən etirazların milli komandanın dünya çempionatına hazırlığına təsir edib-etmədiyi soruşulub. O, bu suala belə cavab verib:
“Bu sualı verməyiniz məni təəccübləndirmir. Güman edirəm ki, siz ingilis mediasındansınız. Birincisi, düzünü desəm, İngiltərə bizim qrupda olmasaydı, belə bir sual verəcəyinizə əmin deyiləm. İkincisi, artıq həftələrdir ki, ingilis mediasından bu sualı alırıq, dünya çempionatı yaxınlaşdıqca, sizin mediada belə başlıqların sayı artıb.
Bütün bunlar sizin üçün zehni oyunlardır. Amma biz dörd gündən sonra bütün həyatımızın ən vacib matçını oynayacağıq və diqqətimizi ona yönəltmək istəyirik.
Düzünü desəm, bu sualı millidə olmayanda mənə versəydin, başqa cür cavab verərdim. Uşaqlıqdan milli komandada oynamaq arzusunda idim. Biz həmişə millinin formasına hörmət etmək istəyirik, nə olursa olsun”.
Daha sonra yarımmüdafiəçidən qol vurarkən sevinib-sevinməyəcəyi, himni oxuyub-oxumayacağı haqda soruşublar:
“Sevinmək şəxsi məqamdır. Hər bir oyunçunun öz fikri var. Dövlət himninə gəlincə, buna komanda daxilində qərar verəcəyik. Bu mövzu haqqında artıq danışmışıq. Hazırda komandada hamı ancaq futbol haqqında düşünür və danışır”.
İran yığması dünya çempionatında ilk oyununu noyabrın 21-də İngiltərəyə qarşı keçirəcək.
Aut.az
