Fərəcullayevin intriqası: “Misli” PFL-in keçirdiyi tədbirdən imtina etdi
Bu gün, iyulun 13-də Peşəkar Futbol Liqası (PFL) mətbuat günü ilə əlaqədar ənənəvi tədbir keçirib.
Hər il təşkil olunan tədbirdə media nümayəndələri bir araya gətirilir, müzakirələr aparılır, əyləncəli viktorina təşkil edilir. Və bu tədbir həmişə “Misli”nin sponsorluğu ilə təşkil edilib. Amma builki tədbirdə “Misli” PFL-lə əməkdaşlıqdan imtina edib.
Aut.az məsələ ilə bağlı sensasion məlumat əldə edib. Jurnalistlərin tədbirinə sponsorluq etməmək üçün “Misli”yə təzyiq edilib. Bu barədə saytımıza “Misli”dəki mənbə məlumat verib.
Təzyiqin isə AFFA-nın baş katibi Cahangir Fərəcullayev tərəfindən edildiyi bildirilir. Məhz onun göstərişi ilə “Misli” bu missiyadan imtina edib.
“Misli”dəki mənbə bildirdi ki, Fərəcullayevin bu tələbi qurumun rəhbər şəxslərini xeyli təəccübləndirib. Onlar bu tələbin nədən qaynaqlandığını öyrənmək istəsələr də, Fərəcullayev tutarlı cavab verməyib.
“Misli” rəhbərliyi əvvəlcə göstərişin AFFA prezidenti Rövşən Nəcəfdən gəldiyini güman edib. Amma araşdırmalar nəticəsində məlum olub ki, Rövşən Nəcəfin bu məsələdən qətiyyən xəbəri yoxdur və tələb Fərəcullayevin özfəaliyyətidir.
Mənbə onu da bildirdi ki, “Misli” rəhbərliyi məsələ ilə bağlı Rövşən Nəcəfi məlumatlandırmaq niyyətindədir.
Yaxşı, Fərəcullayevi buna vadar edən nə ola bilər? Böyük ehtimalla, intriqa. Azərbaycanda futbolun inkişafına cavabdeh olan məsul bir şəxs intriqa ilə məşğuldur.
Yəqin ki, Fərəcullayev düşünüb ki, “Misli” olmasa, PFL bu tədbiri keçirə bilməyəcək.
PFL Azərbaycanda çempionatların keçirilməsinə cavabdeh qurumdur. Və ona bu səlahiyyətləri də AFFA verib, müqavilə əsasında. Pis-yaxşı, təşkil edirlər çempionatı. Bəlkə də, AFFA-nın xeyli tənqidlərdən də qoruyurlar bu fəaliyyətləri ilə.
Amma AFFA rəsmisi, nədənsə, PFL-lə intriqa aparır? Nəyə görə? Fərəcullayevin bu addımında heç bir məntiq tapmaq mümkün deyil. Məqsəd PFL-i ləğv edib çempionatın keçirilməsini də “istedadlı dələduzlar”a tapşırmaqdırsa, bunun üçün intriqa aparmağa ehtiyac yoxdur, sadəcə PFL-lə müqavilə uzadılmır və hər şey həll olunur.
Azərbaycan futbolu can üstündədir, infrastruktur, yox, bölgələrdə uşaqlar top, forma tapa bilmirlər. Futbolun inkişafına cavabdeh olan qurumun məsul şəxsi isə cılız intriqa ilə məşğuldur.
“Azərbaycanda futbol niyə yoxdur” sualının cavabıdır bu.
Aut.az
