Digər

Daha bir federasiya ruslara qarşı qadağanı ləğv etdi

Beynəlxalq Stolüstü Tennis Federasiyasının (ITTF) İcraiyyə Şurası rusiyalı idmançıların tam bərpasını təsdiqləyib.

Aut.az xəbər verir ki, bu barədə Rusiya Stolüstü Tennis Federasiyasının (RTTF) mətbuat xidməti “Match TV”yə bildirib.

Rusiya idmançıları 28 iyul 2026-cı il tarixindən etibarən təşkilatın himayəsi altında beynəlxalq yarışlarda iştirak edə biləcəklər.

2025-ci ilin oktyabr ayında İdman Arbitraj Məhkəməsi Rusiya Stolüstü Tennis Federasiyasının Avropa Stolüstü Tennis Birliyinə qarşı apellyasiyasını təmin edərək, rusiyalı idmançıların diskvalifikasiyasının ayrı-seçkilik olduğunu müəyyən edib.

7 iyulda Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinin (ROK) fəaliyyətini müvəqqəti olaraq bərpa etdi və bütün federasiyalara Rusiya idmançılarına qoyulan məhdudiyyətləri aradan qaldırmağı tövsiyə etdi.

Lakin bəzi federasiyalar Rusiya idmançıları ilə bağlı mövqelərinin dəyişməz qalacağını bildiriblər.

Rusiya Olimpiya Komitəsi 12 oktyabr 2023-cü ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən üzvlükdən kənarlaşdırılıb. Diskvalifikasiyaya səbəb Ukraynanın işğal edilmiş Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən idman təşkilatlarının ROK-a daxil edilməsi olub.

Aut.az