Basketbol

“Sabah” “Trabzonspor”la bir qrupda

“Sabah” Basketbol Klubunun FIBA Çempionlar Liqasının 2026/27 mövsümündəki rəqibləri müəyyənləşib.

Aut.az xəbər verir ki, iyulun 8-də İsveçrənin Mies şəhərində yerləşən Patrik Baumann Basketbol Evində keçirilən püşkatma mərasimində üçüncü səbətdə yer alan “Sabah” BK müntəzəm mövsümün “A” qrupunda mübarizə aparacaq.

“Bayquşlar” qrup mərhələsində aşağıdakı klublarla qarşılaşacaq:

“Rytas Vilnius” — Litva
“Nanterre 92” — Fransa
“Sabah” BK — Azərbaycan
“Trabzonspor” — Türkiyə

“Sabah”ın qrupdakı ən titullu rəqibi “Rytas Vilnius”dur. Litva klubu FIBA Çempionlar Liqasının son qalibidir. Vilnüs təmsilçisi 2025/26 mövsümünün finalında Yunanıstanın AEK klubuna əlavə vaxtdan sonra 92:86 hesabı ilə qalib gələrək tarixində ilk dəfə turnirin baş mükafatını qazanıb.

“Nanterre 92” Fransa basketbolunun özünəməxsus tarixə malik klublarından biridir. Əsası 1927-ci ildə qoyulan komanda 2013-cü ildə Fransa çempionu olub, 2014 və 2017-ci illərdə ölkə kubokunu qazanıb.

Nanterre təmsilçisi Avropa turnirlərində də uğurlu nəticələri ilə seçilir. Klub 2015-ci ildə FIBA EuroChallenge, 2017-ci ildə isə FIBA Europe Cup turnirinin qalibi olub.

Türkiyənin tanınmış çoxnövlü idman klublarından biri olan “Trabzonspor” FIBA Çempionlar Liqasında ilk dəfə iştirak edəcək. Klub 2026/27 mövsümünün müntəzəm mərhələsinə birbaşa vəsiqə qazanan üç debütantdan biridir.

Trabzon təmsilçisi ötən mövsüm Türkiyə Basketbol Super Liqasında pley-off mərhələsinə yüksəlib və 1/4 finalda “Bahçeşehir Koleji” ilə qarşılaşıb. Komanda ev oyunlarını əsasən Trabzondakı Hayri Gür İdman Sarayında keçirir.

FIBA Çempionlar Liqasının 2026/27 mövsümünün müntəzəm mərhələsinə oktyabrın 6-da start veriləcək.

Qrupun qalibi birbaşa ən güclü 16-lığa vəsiqə qazanacaq. İkinci və üçüncü yerləri tutan komandalar isə yan qrupun müvafiq təmsilçiləri ilə 3 oyunluq seriyada 2 qələbəyədək davam edən “Play-In” mərhələsində üz-üzə gələcəklər.