Dünya futbolu

BMT də Mbappeni hədəf alan senatoru qınadı

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR)  Paraqvaylı senator Seleste Amarilyanın Fransa millisinin kapitanı Kilian Mbappeyə qarşı etdiyi təhqiramiz ifadələri açıq şəkildə qınayıb.

Aut.az xəbər verir ki, komissarlığın məsələ ilə bağlı yaydığı bəyanatda deyilir:

“Paraqvaylı senator Seleste Amarilyanın fransız futbolçu Kilian Mbappeyə qarşı etdiyi irqçi və qeyri-insani ifadələr ən sərt şəkildə qınanmağa layiqdir və təəssüf ki, bu, tək bir hadisə deyil. 2026-cı il Dünya Kuboku zamanı irqçiliklə bağlı xəbərlər futbolda və ümumiyyətlə idmanda daha geniş bir problemi əks etdirir.

Dövlət məmurları ictimai çıxışlarında irqçilik, ayrı-seçkilik və nifrət dolu çıxışlara qarşı çıxmaq üçün daha yüksək məsuliyyət daşıyırlar.

Dövlətlər və idman təşkilatları irqçiliyin və digər ayrı-seçkilik formalarının hər hansı təzahürünün qarşısını fəal şəkildə almalıdırlar. Onlar həmçinin müstəqil və effektiv hesabatlılıq mexanizmlərini təmin etməyə borcludurlar”.

Təşkilatın bəyanatında deyilir ki, sosial media şirkətləri həmçinin beynəlxalq insan hüquqları standartlarına uyğun olaraq öz platformalarında irqi ayrı-seçkiliyin və ksenofobik davranışın qarşısını almaq və onlarla mübarizə aparmaq məsuliyyəti daşıyırlar.

Aut.az