Bakıda Çempionlar Gecəsi keçiriləcək
İyulun 10-da Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək.
Aut.az xəbər verir ki, ilk dəfə “Sea Breeze Resort”da təşkil olunacaq yarışda dünyanın güclü boksçularının iştirakı ilə 6 döyüş baş tutacaq.
Bu görüşlərin 5-də Azərbaycan idmançıları təmsil olunacaq. 47,6 kq-da dünya çempionumuz Sübhan Mamedov Riçard Qardla (Filippin) üz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyev (70 kq) ilə Səidcəmşid Cəfərov (72,6 kq) müvafiq olaraq qazaxıstanlı Nurtas Ajbenov və belaruslu Nikolay Veselovla qarşılaşacaqlar.
Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev (60 kq) özbəkistanlı Xurşidbek Rasuljonovla, Dünya Kubokunun yarımfinalçısı Nəbi İsgəndərov (70 kq) Hikmət Qarayevlə (Rusiya) gücünü sınayacaq. Hər iki boksçumuzun döyüşü 6 raunddan ibarət olacaq.
Digər görüşdə isə Çeerav Aşalayev (Rusiya, 76,2 kq) belaruslu Mixail Dolqolevetslə üz-üzə gələcək. Bu qarşılaşma 8 raund davam edəcək.
Qeyd edək ki, İBA Çempionlar Gecəsi saat 19:00-da start götürəcək.
