Sağ qalacağınıza əmin olmalısınız – Əfsanə həbsxanadakı həyatı haqqında
“Böyük Dəbilqə”nin 6 qat çempionu Boris Bekker həbsxanada cəza çəkərkən özünü necə sakit saxladığını açıqlayıb.
Aut.az xəbər verir ki, Bekker bu barədə “The Telegraph” qəzetinə bildirib:
“Hər ay bir az asanlaşır, özünə daha da yaxınlaşırsan. Düşünürsən ki, “Nə səhv oldu ki, mən Uandsvortda ( Londonda kişilər üçün B kateqoriyalı həbsxana) qaldım?” Sağ qalacağınıza əmin olmalısınız. Sağ qaldığınız zaman isə sual yaranır: “Çıxanda nə edəcəyəm?” Buna görə də qayıdışım bu qədər tez baş verdi – daxildən buna hazırlaşmağa başladım. Şikayət etmədim, məsuliyyəti başqalarının üzərinə atmadım. “Yaxşı, səhv etdim” dedim. Həyat yoldaşımın və çox kiçik bir dairənin köməyi ilə mənimlə olanları və mənə qarşı olanları seçməyə başladım. İlk addımım, üçüncü addımım nə olacaq? Bu, uzun və yaxşı şahmat oyununa bənzəyir.
Yeri gəlmişkən, şahmat beynimi stimullaşdırmağın ən asan yolu idi. inanın mənə, həbsxanada çox güclü oyunçular var idi. Çox çətin ki, kiminləsə danışmaq şansınız olsun, ona görə də şahmat mənim oyunuma çevrildi. Mənim üçün bu, dünyanın ən yaxşı oyunudur”.
Xatırladaq ki, Bekker müflis elan edildikdən sonra aktivlərini gizlətdiyinə və külli miqdarda pulu qanunsuz olaraq köçürdüyünə görə 2022-ci ilin aprel ayında London məhkəməsi tərəfindən iki il yarım həbs cəzasına məhkum edilmişdi. O, 2022-ci ilin dekabrında erkən azad edilərək Almaniyaya deportasiya edilib.
Aut.az
