Məhkəmədən önəmli qərar: Hamilə olduğu üçün imtina edə bilməzsən
İdman Arbitraj Məhkəməsi (CAS) qadın futbolu üçün əlamətdar bir qərar çıxarıb.
Aut.az xəbər verir ki, CAS, hamiləliyi səbəbindən onu transfer etməkdən imtina etdiyi üçün “Latsio”nun isveçli oyunçu Maya Götberqə 69.000 avro təzminat ödəməsini əmr edib.
2024-cü ildə isveçli oyunçu Maya Götberq İtaliyanın “Latsio” klubu ilə 64.000 avroluq müqavilə imzalayıb. Müqavilə şərtləri razılaşdırılsa da, rəsmi imzalar hələ təsdiqlənməmiş və sənədlər qeydiyyata alınmamışdı. Bu müddət ərzində Götberq hamilə olduğunu öyrənib. Qanuni olaraq müqaviləni imzalamadan əvvəl bunu açıqlamaq öhdəliyi olmasa da, dürüstlük və şəffaflıq naminə “Latsio” rəhbərliyinə məlumat verib.
Götberqin hamiləliyini açıqlamasından sonra klubla münasibətləri qəfildən dayandırılıb. Bundan əlavə, klub Götberqin hamiləliyi barədə məlumatı onun razılığı olmadan digər oyunçulara və klub işçilərinə yayıb.
Bundan sonra Götberq FİFA-ya müraciət etdi, lakin Mübahisələrin Həlli Palatası əvvəlcə rəsmi müqavilə olmadığını əsas gətirilərək oyunçuya qarşı qərar verdi. Daha sonra iş ən yüksək məhkəmə instansiyası olan İdman Arbitraj Məhkəməsinə ( CAS ) aparıldı.
CAS transfer danışıqları zamanı klub rəhbərləri arasında paylaşılan “WhatsApp” mesajlarını sübut kimi qəbul etdi. Bu mesajlar “Latsio”nun oyunçunun hamiləliyindən tam xəbərdar olduğunu və şərtlərin artıq razılaşdırıldığını açıq şəkildə sübut etdi.
CAS, “Latsio”nun hamiləlik səbəbindən müqaviləni birtərəfli və ədalətsiz şəkildə ləğv etdiyinə qərar verdi və klubun oyunçuya 69.000 avro və faiz ödəməsini əmr etdi. Məhkəmə həmçinin hamiləlik məlumatlarının icazəsiz açıqlanmasını ciddi pozuntu hesab etdi və bu açıqlamaya görə “Latsio”ya da cərimə tətbiq edib.
Aut.az
