15 yaşadək futbolçular arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
FİFA Şurasının Bürosunun qərarına əsasən, 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatı və 2026-cı il Festivalı Azərbaycanda keçiriləcək.
Aut.az AFFA-ya istinadən xəbər verir ki, qərara əsasən, turnir bu il 22-31 oktyabrda təşkil olunacaq.
Yarışda ali futbol qurumuna üzv olan milli assosiasiyaların U-15 komandaları iştirak edə biləcəklər.
FİFA bu qərarı qəbul edərkən Azərbaycanın müasir idman infrastrukturu, beynəlxalq standartlara cavab verən idman obyektləri və irimiqyaslı beynəlxalq yarışların təşkilində qazandığı uğurlu təcrübəni nəzərə alıb. Turnirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünya futbolunda artan nüfuzunun və beynəlxalq idman tədbirlərinə ev sahibliyi imkanlarının növbəti təsdiqidir.
FİFA 2025-ci ilin dekabrında U-15-lər arasında dünya çempionatının təsis olunması barədə qərar qəbul edib.
FİFA-nın İcraiyyə Komitəsinin 2025-ci il 2 oktyabr tarixində keçirilmiş iclasında 2027-ci ildə təşkil olunacaq U-20-lər arasında dünya çempionatının final mərhələsinə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi açıqlanıb.
