Digər

Nüfuzlu yarışı yarımçıq başa vurdu: Dörd sınığı var

Norveçli velosipedçi Erlend Blikra 2026-cı il “Ciro d’İtaliya” yarışının ciddi zədələrlə yarımçıq başa vurub.

Aut.az xəbər verir ki, bu barədə CyclingNews məlumat yayıb.

Bildirilib ki, Blikra Bolqarıstanda keçirilən “Ciro d’İtaliya-2026″nın ilk mərhələsində ağır qəza keçirib. Buna baxmayaraq, yarışını davam etdirib. O, yalnız 11-ci mərhələnin yekununda vaxt limitinə sığmadığı üçün “Korsa Roza” ilə vidalaşmağa məcbur olub.

Yarışdan ayrıldıqdan sonra məlum olub ki, norveçli idmançı bütün bu müddət ərzində ciddi zədələrlə mübarizə aparıb. Müayinələr zamanı onun bel nahiyəsinin aşağı hissəsində üç sınıq və bir qabırğa sınığı aşkarlanıb. Bundan əlavə, Erlend yarış zamanı xəstəlik də keçirib.

“Hazırda bütün diqqətimi bərpaya yönəltmişəm. Bu o deməkdir ki, bir müddət yarışlardan kənarda qalacağam. Lakin mümkün qədər tez qayıtmaq üçün əlimdən gələni edəcəyəm”, – deyə Blikra bildirib.

Bütün sağlamlıq problemlərinə baxmayaraq, 29 yaşlı velosipedçi Plovdivə qədər keçirilən üçüncü mərhələdə 6-cı yeri tutmağı bacarıb.

Aut.az