İbrahimoviç ilə Alleqri əlbəyaxa olublar?
“Milan” rəhbərliyinin baş müşaviri Zlatan İbrahimoviçlə komandanın sabiq baş məşqçisi Massimiliano Alleqri arasında mövsümün uğursuz sonluğundan xeyli əvvəl ciddi münaqişə yaşanıb.
Aut.az xəbər verir ki, mayın 25-də klubun sahibi olan ABŞ-nin “RedBird Capital” şirkəti Alleqrinin istefaya göndərildiyini açıqlayıb.
Bununla yanaşı, klub rəhbərliyində də ciddi dəyişikliklər olub. Corco Furlani baş direktor, Coffre Monkada skaut şöbəsinin rəhbəri, İqli Tare isə idman direktoru postunu tərk edib.
Daha sonra “Corriere della Sera” nəşri İbrahimoviçlə Alleqri arasında baş vermiş qalmaqallı insidentin detallarını yayıb. Məqalədə bildirilir ki, Zlatan həm Alleqriyə, həm də Tareyə qarşı mənfi münasibətdə olub və restoranların birində keçirilən şam yeməyi zamanı məşqçi ilə sərt mübahisə edib. Həmin görüşdə Tare və Furlani də iştirak ediblər.
Mübahisə o həddə çatıb ki, tərəflər arasında əlbəyaxa dava başlamaq üzrə olub və Tare ilə Furlani onları ayırmağa məcbur qalıb.
Xatırladaq ki, “Milan” A Seriyasının son turunda “Kalyari”yə 1:2 hesabı ilə uduzub və turnir cədvəlində 5-ci pilləyə düşərək Çempionlar Liqasından kənarda qalıb.
